Yataqxana tipli evləri alıb-satmaq olarmı?

yataqxana

Yataqxana tipli evlərə həm sovet dövründən qalma ailə yataqxanaları, həm də tələbə yataqxanalarında olan mənzillər aiddir. Bəzi hallarda daşınmaz əmlakın elektron reyestrindən çıxarışı da olan bu mənzillərin alqı-satqısı problemli ola bilərmi?

Ailə yataqxanaları

Əvvəllər belə mənzillərin satışı daha çox məcburi köçkünlərin yerləşdiyi yataqxanalarda baş verirdi. Sovet vaxtından qalan və bəzi müəssisələrin balansında olmuş ailə yataqxanaları da var ki, oradakı mənzillərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları da mövcuddur. Həmin mənzillər müəssisə tərəfindən balansdan çıxarılıb və özəlləşdirilib. Onların qiymətləri adi mənzillərdən xeyli aşağıdır və müəyyən qədər alıcıları da var. Onlar sanitar qovşaqları, yəni hamam, tualet və mətbəxi daxildə olan kiçik kvadratlı mənzillərdir.

Ailə yataqxanalarındakı mənzillərin alışı zamanı sənədlərə baxmaq lazımdır. Əgər həqiqətən elektron çıxarışda onu satan şəxsə tam mülkiyyət verilibsə və bina aid olduğu müəssisənin balansından çıxıbsa, həmin mənzil vətəndaşın özəl mülkiyyəti sayılır. Amma biz ona natamam əmlak deyirik. Onun dəyəri həmişə digər əmlaklardan aşağı olub və həmişə də belə olacaq. Adətən o tip mənzilləri alıb kirayə verirlər.

Beləliklə, əgər ailə yataxanaları, yəni bu tip binalar əvvəl balansında olduğu müəssisələrin balansından çıxarılıb, özəlləşdirilib və dövlət reyestirindən çıxarış alıbsa, onların alqı-satqısında problem yoxdur.

Tələbə yataqxanaları

Tələbə yataqxanalarında olan mənzillərə gəldikdə isə nəzərə almaq lazımdır ki, onlar zamanla köçürüləcək. Tələbə yataqxanalarındakı mənzilləri alan vətəndaş bilməlidir ki, bu yataqxana dövlətindir və həmin binalar artıq istismar müddətini bitirib, yararsız vəziyyətdədir. Bir müddətdən sonra onlar söküləcək. Sökülərkən o vətəndaşlara dövlət tərəfindən heç bir kompensasiya verilməyəcək. Çünki bu bina dövlət balansından çıxarılmayıb.

Həmin binalardakı evləri digər şəxslərə satmaq qanuna ziddir.

Daşınmaz əmlak üzrə ekspert: Elnur Fərzəliyev

Join The Discussion

Müqayisə Et

Müqayisə Et