Azərbaycanda 600min mənzilə ehtiyac yaranacaq

Dünya Bankı hesabatı: növbəti 5 ildə 300-600 min yeni mənzilə ehtiyac yaranacaq

 

Dünya Bankının hesabatına (Azerbaijan Rapid Housing Needs and Demand Assessment – Baku Pilot, 2021, mart) əsasən, 1990-2018-ci illər ərzində Azərbaycanda şəhər əhalisi təxminən 1.4 milyon nəfər artaraq, 3, 8 milyon nəfərdən 5, 2 milyon nəfərə yüksəlmişdir. Bu, müvafiq olaraq, həmin period ərzində Respublikanın 11 şəhərində 330 min yeni yaşayış mənzilinə ehtiyac yaratmışdır. Bu hesablama zamanı həmin şəhərlər üzrə bir ev təssərrüfatında təxminən 4.2 nəfərin məskunlaşması nəzərə alınmışdır.

Bundan əlavə, 2010-2018-ci illər ərzində dörd böyük şəhərdə (Bakı, Gəncə, Sumqayıt, Yevlax) sakinlərin sayında 240 min artım baş vermişdir ki, bu da milli əhali artımının təxminən 27 faizini təşkil etmişdir. Bu şəhərlər arasında Bakı yeni məskunlaşmaya görə ən yüksək göstəricilərə malikdir.  Belə ki, həmin zaman periodunda Bakı şəhərinin əhalisi 185 min nəfər artaraq, 2.3 milyon nəfərə çatmışdır. Ölkənin 4 əsas şəhəri üzrə getdikcə yüksələn urbanizasiya səviyyəsi 2010-2018-ci illər aralığında 60 min yeni mənzilə ehtiyac yaratmışdır. Nəticədə, 2000-2014-cü illər ərzində Bakıda yaşayış binaları üçün ayrılan tikinti sahələrinin ərazisi üzü Xırdalana doğru olmaqla, 5 min hektar artmışdır. Yəni, yeni yaşayış sahələrinin tikintisi son illərdə şimal-qərbə doğru sürətlə genişlənməkdədir.

Beləliklə, gələcək tələbin təxmini hesablamaları göstərir ki, növbəti 5 il ərzində 300-600 min yeni mənzilə ehtiyac yaranacaqdır. Bu tələbin növbəti 5 ildə ailə həyatı quracağı təxmin edilən 15-24 yaş arası əhali qrupu tərəfindən yaradılacağı düşünülür. Belə ki, hazırda şəhərlərdə 15-34 yaş arası 1.3 milyon əhali yaşayır. Təxmini hesablamalar bu istiqamətdədir ki, bir qayda olaraq, növbəti illərdə bu yaş qrupunda olan əhalinin ən azından 30-50 faizi ailə həyatı quracaq. Məhz bunu nəzərə alaraq, gələcəkdə 300-600 min arası yeni mənzilə tələb yaranacağı müəyyən edilib. Bundan əlavə, iri şəhərlərdə əhalinin təxminən üçdə biri 30 ilə 50 yaş arasındadır. Növbəti təxminlərdən biri də ondan ibarətdir ki, bu yaş qrupundakı əhali yaxın illərdə şəhər mərkəzindəki daha yığcam mənzillərdənsə, şəhər mərkəzindən uzaqda yerləşən, lakin geniş və daha böyük ailəyə uyğun mənzillərə üstünlük verəcəklər.

2001-2019-cu illər ərzində mənzilin hər kvadrat metrinə düşən əhali sıxlığı da kəskin azalmağa doğru getmiş, adambaşına 10 kv.m-dən az yaşayış sahəsi ilə ölçülən sıx şəraitdə yaşayan bütün ev təsərrüfatlarının payı 47 faizdən 26 faizə enmişdir. Bu azalma, müvafiq olaraq, yeni yaşayış stokundakı yüksək artımın nəticəsində mümkün olmuşdur. Belə ki, həmin periodda (2001-2019) Azərbaycanda təxminən 400 min yeni mənzil inşa edilmişdir ki, bu da Sovet dövrü tikilən yaşayış mənzillərinin ümumi sayından daha çox olmuşdur.

2010-2018-ci illər inşaat bumu dövründə mənzil sahəsindəki ən böyük xalis artım Bakıda baş vermişdir. Bakıda 2010-2018-ci illər arasında təxminən 3.8 milyon kvadrat metr əlavə mənzil sahəsi tikilərək, ümumi mənzil sahəsində təqribən 11 faiz artım qeydə alınmışdır. Lakin bütün inşaat təkcə Bakını əhatə etməmiş, yeni tikilən 18 milyon kvadrat metr ərazinin yalnız 20 faizi Bakının payına düşmüşdür. Digər böyük şəhərlər bu artımın yalnız 4 faiz əhatə edirdi ki, bu, yeni mənzil tikintisində böyük payın əsas şəhər mərkəzlərinin xaricində olduğunu göstərir.

 

Məqaləni tərtib etdi: Misir Məmmədli (Daşınmaz Əmlak Mütəxəssisi)

 

 

 

Join The Discussion

Müqayisə Et

Müqayisə Et