2021-Cİ İLDƏ BANKLAR DAHA ÇOX KİMLƏRƏ, HANSI QİYMƏTƏ, HANSI ÖLÇÜLÜ EVLƏRƏ İPOTEKA KREDİTİ AYIRIB – ARAŞDIRMA

ipoteka krediti

RECA Əmlak Azərbaycan Respublikası İpoteka və Zəmanət Fondunun ipoteka kreditləri ilə bağlı 2021-ci ildə dərc etdiyi statistik məlumatları araşdırıb. 2021-ci ildə banklar daha çox kimlərə və neçə min manatlıq evlərə ipoteka krediti ayırıb? Daha çox hansı ölçülü evlər ipotekaya “düşüb”? Bəs sizin ipoteka almaq şansınız nə qədərdir – RECA Əmlak bütün bu sualları sizin üçün araşdırıb.

Daha çox kimlər ipoteka krediti ala bilib? Bəs sizin şansınız nə qədərdir?

İpoteka və Kredit Zəmanət Fondunun məlumatlarına əsasən, 2021-ci ildə ölkə üzrə ipoteka alanların təxminən 60 faizi aylıq 1100 manatdan çox rəsmi gəliri olan ev təsərrüfatları olub. Yəni nə qədər çox gəlirin varsa, ipoteka kreditindən yararlanmaq imkanın bir o qədər çoxdur.

Rəsmi gəliriniz 500 AZN-dən aşağıdırsa, 2021-ci ildə ipoteka olmaq şansınız cəmi 3 faiz idi, 500-700 AZN gəliriniz varsa, şansınız 10 faizə qədər qalxardı. 700-900 və 900-1100 AZN rəsmi gəlirli şəxslərin şansı isə təxminən eyni, 14 faiz olub.

 

2021-ci ildə ipoteka krediti alanların təxminən 53 faizi dövlət sektorunda, 47 faizi isə özəl sektorda işləyib. Ən çox ipoteka alanlar maliyyə qurumlarının işçiləri, hərbçilər, energetika və hüquq-mühafizə orqanlarının işçiləridir.

gəlirlərə görə pay bölgüsü

 

Bundan əlavə, 2021-ci ildə ipoteka krediti üzrə borclananların cinsi mənsubiyyət, ailə vəziyyəti və yaşa görə bölgüsü aşağıdakı kimi olub:

  • cinsi mənsubiyyətinə görə; 81 faizi kişi, 19 faizi qadın.
  • Ailə vəziyyətinə görə; 31 faizi subay, 69 faizi evli.
  • Yaşlarına görə; 18-29 yaş arası – 35 faiz, 30-35 yaş arası – 34 faiz, 35 yaşdan yuxarı – 31 faiz

İpoteka daha çox neçə min manatlıq evlərə verilib?

Banklar 2021-ci ildə daha az gəlirli ev təsərrüfatlarına ipoteka krediti verməyə maraqlı olmadığı kimi, fərdi yaşayış evlərinə də ipoteka krediti verməyə heç maraqlı görünməyib. Ötən il verilən ipotekaların təxminən 93 faizi mənzillərə, cəmi 7 faizi isə fərdi yaşayış evlərinə verilib.

Ən çox ipoteka krediti 30-60 min manat qiymət aralığındakı evlərə verilib;  onlar cəmi kreditlərin təxminən 38 faizini təşkil edib. Sonrakı yerdə qiyməti 60-90 min AZN evlər gəlir, cəmi ipotekaların təxminən 34 faizi bu qiymət aralığındakı mənzillərə verilib. Təcrübəyə əsasən deyə bilərik ki, bu mənzillər 1 otaq və əsasən də 2 otağa düzəlmə mənzillər olub. İl ərzində Reca Əmlaka müraciət edən ipotekalı müştərilərin böyük hissəsi bu qiymət aralığında və bu tip mənzillər axtarıblar.

İpotekaların təxminən 13 faizi 90-120 min manat qiymət aralığındakı evlərə, elə təxminən 13 faizi də 120 min manatdan yuxarı qiymətə olan evlərə ayrılıb. Qiyməti 30 min manatdan aşağı olan evlərin ipoteka kreditlərindəki payı 2 faizi keçməyib.

Daha çox hansı ölçülü evlər ipoteka kreditinə “düşüb”?

Ən  çox ipoteka krediti 40-60 kv.m.-lik evlərə ayrılıb – 36 faiz. 60-80 kv.m.-lik evlər ipoteka kreditlərinin təxminən 29 faizini təşkil edib. İpoteka kreditlərində 80-100 kv.m.-lik mənzillərin payı 14 faiz, 100-120 kv.m.-lik mənzillərin payı 6 faiz, 40 kv.m.-dən kiçik mənzillərin payı isə 7 faiz olub.

Beləliklə, 2021-ci ildə:

  • İpoteka kreditlərinin təxminən 97 faizi aylıq rəsmi gəliri 500 AZN-dən yuxarı olan ev təsərrüfatlarına verilib. Bu göstəricinin (97 faizin) 60 faizini aylıq rəsmi gəliri 1100 manatdan yuxarı olanlar əhatə edib. İpotekaların 37 faizi aylıq rəsmi gəliri 500-1100 manat arası olanlara ayrılıb. Rəsmi gəliri aylıq 500 AZN-dən aşağı olanların ipoteka almaq şansı isə 3 faiz olub.
  • İpoteka krediti alanların yarıdan çoxu (53 faizi) dövlət sektorunda işləyənlərdir – xüsusilə, maliyyə qurumlarında, hərbidə, energetika və hüquq-mühafizə orqanlarında. Özəl sektorun payı 47 faizdir.
  • İpoteka alanların təxminən 5-də 4-ü kişi (81 faizi), 5-də 1-i (19 faizi) qadındır. İpoteka kreditlərinə çıxış imkanlarında gender bərabərsizliyi çox yüksəkdir. Bu, qadınlarla kişilər arasındakı gəlir bərabərsizliyinin də səviyyəsini göstərir.
  • İpoteka alan ailəlilərin (69 faiz) sayı ipoteka alan subayların (31 faiz) sayını 2 dəfə üstələyir.
  • Ən çox ipotekanı gənclər (18-29 yaş) alıblar (35 faiz). 29-35 yaş aralığı ipotekaların 34 faizini, 35 yaşdan yuxarılar isə 31 faizini alıblar.
  • İpotekaların təxminən 93 faizi çoxmərtəbəli binaları əhatə edib, fərdi yaşayış evlərin payı isə 7 faizdir.
  • İpoteka alanların təxminən 72 faizinə qiyməti 30-90 min AZN aralığında olan evlər “düşüb”. Təxminən 26 faizin rəsmi gəlirləri isə qiyməti 90 min AZN-dən yuxarı evləri almağa çatıb. Qiyməti 30 min manatdan aşağı olan evlərin ipoteka kreditlərindəki payı 2 faizi keçməyib.
  • İpoteka alanların təxminən 65 faizi 40-80 kv.m.-lik evlər alıb. Təxminən 20 faizin rəsmi gəlirləri isə 80-120 kv.m-lik evlər almağa çatıb. Sahəsi 40 kv.m.-dən kiçik evlərin ipoteka kreditlərindəki payı 7 faiz olub.
  • İpoteka alanların təxminən 65 faizi 40-80 kv.m.-lik evlər alıb. Təxminən 20 faizin rəsmi gəlirləri isə 80-120 kv.m.-lik evlər almağa çatıb. Sahəsi 40 kv.m.-dək olan evlərin ipoteka kreditlərindəki payı 7 faiz olub.
    Araşdırma İpoteka və Zəmanət Fondunun dərc etdiyi statistik məlumatlara istinadən aparılmışdır.

    RECA Araşdırma və İnkişaf departamenti

 

 

Join The Discussion

Müqayisə Et

Müqayisə Et